Paşinyanla Petrosyanın vəziyyətində oxşarlıq görmürəm - Fikrət Sadıqov  

14:12 06.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb” sözləri həm Ermənistanda, həm də separatçılar arasında ciddi mübahisələrə səbəb olub. Paşinyanın bu açıqlamasından sonra həm xaricdəki erməni diasporu və lobbisi, həm də daxildəki ultramilliyyətçi və radikal müxalifət ona qarşı cəbhə açıb. Paşinyanın sözlərinə ən kəskin etiraz isə hələlik separatçılardan gəlib.

Belə ki, Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın açıqlamasına etiraz edərək deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil. Separatçı rejim liderlərindən olan David Babayan isə mətbuata açıqlama verərək, “Artsaxın müstəqilliyindən” danışıb və faktiki olaraq Ermənistan baş nazirinin mövqeyinə etiraz edib. Belə fikirlər var ki, hələ 1997-ci ildə Ter Petrosyan da Qarabağın Azərbaycanın tərkibində qalmasına dair sənədə imza atacaqdı. Qarabağ klanı Petrosyanı devirdi və deputatlara qarşı terror törətməklə vəziyyəti öz xeyrinə dəyişdi.

Maraqlıdır, bu gün Ermənistan rəhbərliyi ilə Qarabağdakı separatçı rejimin liderləri arasında baş verən narazılıqlar Paşinyana da Ter Petrosyanın aqibətini yaşada bilərmi?

Politoloq Fikrət Sadıqov hafta.az-a bildirib ki, Paşinyan və Arutunyan arasında  səslənən ziddiyyətli  bəyanatlarda oyun elementləri var.

“Biri bəyan edir ki, o artıq müxtəlif güzəştlərlə  Azərbaycanla sülh sazişini imzalamağa hazırdır, digəri isə status məsələsini qaldırır. Belə bir təəssürat yaranır ki, Paşinyan şərtlər diqtə etmək üçün özünə əlavə ehtiyat meydanı hazırlayır. Paşinyan düşünür ki, deyə bilər, mən sülhə razıyam, lakin separatçı rejimin rəhbərləri başqa cür yanaşır”.

F.Sadıqov bəyan edib ki, bütün hallarda Arutunyanın Azərbaycan torpağında oturub oradan kiməsə şərt vermək şansı yoxdur.

“O, Azərbaycanda axtarışda olan cinayətkardır. Bizə imkan versəydilər, Arutunyan bir gündə həbs olunub Bakıya gətirilərdi. Arutunyan məhkəməlik bir fiqurdur. Müəyyən qüvvələr var ki, meydana çıxmaqla vəziyyəti gərginləşdirir. Qarabağın statusu haqqında Fransa da, Moskva da danışır.

Arutunyan özünü siyasətçi adlandırsa da, o, heç kimdir. Heç kəsi də təmsil etmir. Qarabağda yaşayan ermənilər də başa düşür ki, Qarabağı nə müstəqil qurum kimi tanıyan, nə də ona dəstək verən olacaq. Separatçı rejim diaspora pulu ilə yaşayır. Sadəcə zaman lazımdır ki, buna da son qoyulsun”.

F.Sadıqov deyir ki, Ter Petrosyanla Nikol Paşinyan arasında aparılan bu cür bənzətmə və  müqayisələrdə müəyyən fərqli amillər var.

“Bu şəxslər arasında zahirən oxşarlıq olsa da, yaddan çıxarmamalıyıq ki, Ter Petrosyan o vaxt işğalçı dövlətin başçısı idi. Paşinyan məğlub olan ölkənin başçısıdır və onu devirmək çətin məsələdir. Ona rəqib olan Qarabağ klanı xeyli zəifləyib. Sadəcə olaraq güclü siyasi rəqibi də yoxdur. Onu da nəzərə almaq lazımdır ki, hələlik xaricdən də dəstək alır. Paşinyanla Petrosyanın vəziyyətində tam oxşarlıq görmürəm. İstisna deyil ki, vəziyyət dəyişə bilər və Paşinyan zəif fiqur kimi hakimiyyətdən atılıb gedər”.

Siyasət rubrikasından digər xəbərlər